Qafqazın ən böyük logistika mərkəzlərindən biri
Azərbaycanın ən böyük logistika mərkəzlərindən biri olan AVT Logistika Veysəloğlu Şirkətlər Qrupuna məxsusdur. Bakının Məmmədli qəsəbəsində yerləşən mərkəzin təməli 2017-ci ildə qoyulub. 2024-cü ildə AVT Logistika Mərkəzi “Araz” supermarketlər şəbəkəsinin strukturuna birləşdirilib və artıq fəaliyyətini “Araz” Logistika Mərkəzi adı altında davam etdirir. Mərkəz həm Keyfiyyət idarəetmə, həm də Əməyin mühafizəsi üzrə beynəlxalq ISO 9001 standartlarına layiq görülüb.
Rusiya, Türkiyə, Avropa və yerli şirkətlərdən tədarük olunan məhsullar ilk olaraq “Araz” Logistika Mərkəzinə gətirilir. Mərkəzə yalnız keyfiyyət və təhlükəsizlik yoxlamalarından keçmiş məhsullar qəbul olunur. Buna baxmayaraq istər yerli, istərsə də xarici ölkələrdən idxal olunan 9800 çeşiddə məhsul keyfiyyətə nəzarət mütəxəssisləri tərəfindən yenidən yoxlanışdan keçirilir. Bundan sonra uyğun məhsullar tamamilə gigiyenik şəraitdə saxlanılan, texniki göstəricilərinə görə beynəlxalq standartlara cavab verən anbarlara qəbul edilir.
“Araz” Logistika Mərkəzi 22 hektar sahəni əhatə edir və bunun 9 hektarında 95 min palet tutumuna malik qapalı anbar yerləşir. Anbarda 20 min növ quru qida və qeyri-qida, 120 çeşid meyvə-tərəvəz, 400 növ soyuq və donmuş məhsullar saxlanılır.
Gündəlik 5000 palet mal qəbul edən və 3000 mağazaya məhsul təminatını həyata keçirən anbarın fəaliyyəti SAP sistemi ilə həyata keçirilir.
Logistika mərkəzində həmçinin soyutma sistemləri, dondurucu və soyuducularla təchiz olunan soyuq anbar da fəaliyyət göstərir.
83.000 m2 ərazisi olan “Araz” Logistika Mərkəzinin fəaliyyəti ən son texnologiyalar əsasında qurulub və mərkəz müasir nəqliyyat vasitələri ilə təchiz olunub. Burada bütün proseslər avtomatlaşdırılmış qaydada həyata keçirilir. “Araz” Logistika Mərkəzində 3000 nəfər əməkdaş çalışır və iş prosesinin optimallaşdırılması üçün 252 xüsusi nəqliyyat vasitəsindən istifadə olunur. Bu il logistika mərkəzi 20 ədəd, 13 palet tutumlu “Isuzu FVR” və 43 ədəd, 10 palet tutumlu “Isuzu NPR 75 L” markalı 63 ədəd soyutma sistemli, temperatur rejimini qoruyan, arakəsməli avtomobillə təchiz olunub. Bu nəqliyyat vasitələri fərqli temperaturda olan bir neçə məhsulun eyni vaxtda bir avtomobildə daşınmasına imkan verir. Bu nəqliyyat vasitələrində xüsusi soyutma sistemi əsasında -18, +4 və +18 dərəcədə məhsul daşına bilir. Bu isə məhsulların tələb olunan temperatur şəraitində daşınması, nəticədə yüksək keyfiyyətlə mağazalara çatdırılmasına imkan verir.
2024-cü ildə “Araz” Logistika Mərkəzində təhlükəsizlik tədbirləri də gücləndirilib. Belə ki, anbarlar sulu yanğınsöndürmə sistemi ilə təchiz olunub. Bu, mərkəzdə yanğın riskinin minimuma endirilməsi deməkdir. Ümumilikdə mərkəzdə baş verə biləcək yanğınları nəzarət altına almaq məqsədilə 1000 m³ yanğınsöndürmə su hovuzu inşa olunub.